ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlub olacağı təqdirdə demokratların ona qarşı yenidən impiçment proseduruna başlayacağını düşünür.
O, bu barədə Oklahoma ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ Prezidenti tərəfdarlarını səsvermədə fəal iştirak etməyə çağıraraq onun adının seçki bülletenində olmadığı hallarda seçici fəallığının azaldığını bildirib.
«Bu seçkilərdə sizdən bir xahişim var. Mənim adım seçki bülletenində olanda nəticələrimiz çox yaxşı olur. Amma mən namizəd olmayanda insanlar səsverməyə o qədər də fəal getmirlər. Xahiş edirəm, elə təsəvvür edin ki, mən də namizədəm. Sadəcə, belə düşünün. Əgər qalib gəlməsək, onlar sonda mənə impiçment elan edəcəklər», – deyə Tramp bildirib.
Qeyd edək ki, Donald Tramp ABŞ tarixində Nümayəndələr Palatası tərəfindən iki dəfə impiçmentə məruz qalan ilk prezidentdir.
Hər iki hadisə onun ilk prezidentlik dövründə, 2019 və 2021-ci illərdə baş verib.
2019-cu ildə Trampa qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq, 2021-ci ildə isə üsyana təhrik ittihamları ilə impiçment qərarı qəbul edilib.
Lakin ABŞ Senatı hər iki prosesdə Trampa bəraət verib və onun vəzifədən uzaqlaşdırılması baş tutmayıb.
ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri və Senatdakı yerlərin təxminən üçdəbiri uğrunda mübarizə aparılacaq.

