Bakıda avtomobil yol kənarında uşaq arabası ilə hərəkət edən qadını vurub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə noyabrın 3-də saat 09:38 radələrində Binəqədi rayonu ərazisindən keçən Xocəsən–Lökbatan yolunun 2-ci kilometrliyində baş verib.
Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil içərisində körpə olan uşaq arabası ilə yolun kənarında hərəkət edən qadını vurub.
Qəza nəticəsində qadın xəsarət alıb, körpənin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
Sürücü saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.
İlkin araşdırma zamanı Cavid Ağayev sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib.
Sürücünün sözlərinə görə, o, əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya gedib.

