ABŞ-da keçirilən Konqresə aralıq seçkilərdə demokratlar Senata nəzarəti respublikaçılardan geri alıblar.
Associated Press-in açıqladığı nəticələrə görə, Demokratlar Partiyası Senatda çoxluğu təmin edib. Respublikaçılar bununla da Konqresin yuxarı palatasına nəzarəti itiriblər.
Seçkilərin diqqətçəkən nəticələrindən biri Texasda qeydə alınıb. Demokrat Ceyms Talariko respublikaçı Ken Pakstonu məğlub edib. Ayova ştatında isə demokrat Coş Turek qalib gəlib.
Demokratlar Kanzas, Ohayo, Şimali Karolina və Cənubi Karolinada da respublikaçıların nəzarətində olan senator yerlərini qazanıblar.
NBC News-un seçki sorğusuna əsasən, seçicilərin 43 faizi səsvermə qərarına təsir edən amillərdən birinin Donald Trampa münasibətləri olduğunu bildirib. Respondentlərin 71 faizi isə Konqresin Ağ Ev üzərində kifayət qədər nəzarət həyata keçirmədiyini düşünür.
Seçiciləri narahat edən əsas məsələlər arasında korrupsiya, yaşayış xərclərinin artması, miqrasiya siyasəti və İranla müharibə yer alıb.
Senatda çoxluğun dəyişməsi Tramp administrasiyası üzərində parlament nəzarətinin güclənməsinə şərait yarada bilər. Demokratlar yeni tərkibdə administrasiyanın fəaliyyəti ilə bağlı araşdırmalar aparmaq və prezidentin irəli sürdüyü namizədlərin təsdiqinə təsir göstərmək imkanına malik olacaqlar.
Nümayəndələr Palatasında isə qüvvələr nisbətinin müəyyənləşməsi üçün səslərin hesablanması davam edir.

