Azərbaycanın parakarate, eşitmə məhdudiyyətli karateçilər və şotokan karate üzrə təmsilçiləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa çempionatında uğurlu nəticələr əldə ediblər.
31 oktyabr – 1 noyabr tarixlərində keçirilən yarışda idmançılarımız müxtəlif yaş və çəki dərəcələrində çoxsaylı medallar qazanıblar.
Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.
Eşitmə məhdudiyyətli idmançılar arasında Hikmət Ağayev, Elmin Hüseynli (75 kq) və Aytən Qədirova (kata) Avropa çempionu olublar.
16–17 yaşlılar arasında Yusif Əzimzadə (61 kq), böyüklər arasında isə Nizaməddin Əzimzadə (60 kq) və Ələkbər Əlizadə (75 kq) gümüş medal qazanıblar. Elnur Qasımzadə və Fəqan Yəsimov (hər ikisi 67 kq) bürünc mükafata layiq görülüblər.
Şotokan karate üzrə fərdi yarışlarda da idmançılarımız fərqləniblər. Böyüklər arasında Elçin Şiriyev “Şobu Nihon” kateqoriyasında (+75 kq) qızıl medal qazanaraq Avropa çempionu olub.
Eyni çəki dərəcəsində Ramin Mazanov, kata yarışlarında isə Nihat Məmmədzadə gümüş medal əldə ediblər.
16–17 yaşlılar arasında Əbülfəz Rəfiyev (68 kq) də qızıl medal qazanıb.
Komanda yarışlarında isə Azərbaycanın kişilərdən ibarət yığması finalda Türkiyə idmançılarına qalib gələrək Avropa çempionu adını qazanıb.
İdmançılarımız çempionatda Azərbaycan Karate Federasiyasının Şotokan Karate Komitəsinin rəhbəri Renad Əliyevin başçılığı altında iştirak ediblər.

