Bakının Nərimanov rayonunda yerləşən “Nənəmin təndiri” çörəkbişirmə məntəqəsində yanğın baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın olması barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Çörəkbişirmə sexinin tüstü bacasında başlayan yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb. Alovun obyektin daxilinə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində sexin tüstü bacası və ona bitişik ümumilikdə 4 kvadratmetr sahə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb, obyektin özü yanğından mühafizə edilib.

