Polşada Prezident Karol Navrotskinin ABŞ lideri Donald Trampa hədiyyə etdiyi kəhrəba kreslo ətrafında qalmaqal yaranıb.
Denmedia.az TVN24 telekanalına istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatı Kşiştof Breyza dövlət başçısından bahalı hədiyyənin Trampa təqdim edilməsinin səbəblərini izah etməyi tələb edib.
Deputat Navrotskinin ABŞ Prezidentinin ad günü üçün nəzərdə tutulan hədiyyə barədə bir neçə ay ictimaiyyətə məlumat verməməsinə diqqət çəkib. Breyza bu addımın arxasında əzəmət nümayiş etdirmək istəyinin dayana biləcəyini də ehtimal edib.
Amerika simvolları ilə bəzədilmiş kəhrəba kreslo iyun ayında Polşa Prezidentinin ABŞ-yə səfəri zamanı Trampa təqdim olunub.
Breyza belə bahalı hədiyyənin verilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu öyrənmək üçün Prezident Administrasiyasına rəsmi sorğu göndərdiyini bildirib.

