Kembric lüğəti (Cambridge Dictionary) 2026-cı ilin sözünü seçib. İlin sözü süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə xüsusi məna qazanan “insan” (human) olub.
Lüğətin məlumatına görə, bu söz xüsusilə insanların yaratdığı əsərləri və məzmunu süni intellekt vasitəsilə hazırlanan materiallardan fərqləndirmək üçün daha çox istifadə olunub.
Seçim süni intellektin gündəlik həyata təsirinin artması və insan yaradıcılığının dəyəri ilə bağlı müzakirələrlə əlaqələndirilib.
Kembric lüğətinin saytında bununla bağlı diqqətçəkən sual irəli sürülüb:
“Süni intellektlə yaradılan məzmunun geniş yayılması, xüsusilə aşağı keyfiyyətli materialların çoxalması insan əməyinə və yaradıcılığına daha çox dəyər verməyimizə, hətta bunun üçün darıxmağımıza səbəb olubmu?”
Lüğətin mütəxəssisləri hesab edirlər ki, bu dil dəyişikliyi süni intellektin həyatın bütün sahələrinə nüfuz etməsinin təbii nəticəsi ola bilər. Bununla belə, prosesin insanların süni intellektə münasibətində daha dərin dönüş nöqtəsini əks etdirməsi də istisna edilmir.

