Bakıda noyabrın 20-si və 21-də Aeroport şosesi ilə “Koroğlu” metro stansiyasını birləşdirən bəzi yol sahələrində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-də saat 00:00-dan 06:00-dək Aeroport şosesindən “Koroğlu” metro stansiyası istiqamətində Zığ yol qovşağı, Bülbülə–Əmircan yol qovşağı və Komsomol dairəsi ərazisində hərəkət məhdudlaşdırılacaq.
Hava limanından şəhər mərkəzinə hərəkət edən sürücülər alternativ olaraq Zığ şosesi vasitəsilə 8 Noyabr prospekti istiqamətində hərəkət edə biləcəklər.
Noyabrın 21-də saat 23:00-dan noyabrın 22-si saat 05:45-dək isə “Koroğlu” metro stansiyasından hava limanı istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək və hərəkət sxemində dəyişikliklər olacaq.
Bu müddətdə şəhər mərkəzindən hava limanına gedən sürücülər “Koroğlu” metro stansiyasından Bakıxanov qəsəbəsinə keçərək Elşən Mehdiyev, Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsazadə küçələrindən istifadə edə biləcəklər.
Digər alternativ marşrut isə 8 Noyabr prospektindən Zığ şosesinə çıxış vasitəsilə nəzərdə tutulub.
Dövlət Yol Polisi bildirib ki, hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönləndirmək üçün qeyd olunan ərazilərdə yol polisi əməkdaşları xidmət aparacaqlar.

