Manikür və pedikür zamanı dəridə yaranan ən kiçik kəsik belə ciddi infeksiyalara, ağır hallarda isə ətrafların amputasiyasına səbəb ola bilər.
Denmedia.az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Maarifləndirmə Universitetinin Təbiət Elmləri Fakültəsinin dekan vəzifəsini icra edən bioloq İrina Lyalina xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, manikür alətlərindən dəridə yaranan yaralara bakteriya, göbələk və viruslar keçə bilər.
“Manikür və pedikür zamanı dərinin kəsilməsi sadəcə kosmetik qüsur deyil, sağlamlıq üçün real təhlükədir. Ən kiçik cızıqlar belə infeksiyanın orqanizmə daxil olmasına şərait yaradır. Prosedur zamanı alətlər su, dəri və mikroorqanizmlərlə təmasda olduğundan yoluxma riski artır. Bu təhlükə xüsusilə yaş manikür və pedikür zamanı daha yüksəkdir”, – deyə Lyalina bildirib.

O qeyd edib ki, kiçik yaraların su və kimyəvi maddələrlə davamlı təması onların sağalmasını ləngidə və xroniki iltihaba səbəb ola bilər.
Bioloqun sözlərinə görə, vaxtında müalicə olunmayan infeksiyalar ağır hallarda sepsisə, vətərlərin iltihabına, sümük toxumasının zədələnməsinə və nekroza gətirib çıxara bilər. Bəzi hallarda isə amputasiya zərurəti yarana bilər.
Mütəxəssis həmçinin sterilizasiya edilməmiş alətlər vasitəsilə yaranan kəsiklərdən hepatit B və C, eləcə də İİV kimi təhlükəli infeksiyalara yoluxma riskinin olduğunu vurğulayıb.

