77 il əvvəl sənaye şəhəri kimi təməli qoyulan Sumqayıt bu gün tamam başqa görkəmdədir. İllər dəyişib, nəsillər yenilənib, şəhər böyüyüb. Bu gün Sumqayıt təkcə sənaye potensialı ilə yox, müasir infrastrukturu, sosial imkanları və insanların rahat yaşayışı üçün yaradılan şəraiti ilə seçilir. Sumqayıt artıq öz inkişaf tarixinin yeni mərhələsini yaşayır...
Bir zamanlar dəniz sahilində böyük bir istirahət məkanının yaradılması çoxlarına xəyal kimi görünürdü. Bu gün isə Sumqayıt bulvarı şəhərin ən sevilən ünvanlarından birinə çevrilib. Prezident İlham Əliyevin də möcüzə adlandırdığı bu məkan minlərlə insanın istirahətinə, ailələrin xoş vaxt keçirməsinə xidmət edir. Bura Sumqayıtın yenilənən simasının rəmzidir.
Şəhərin inkişafı yalnız yeni binalarla, yollarla və parklarla ölçülmür. Bu inkişafın arxasında dövlətçilik düşüncəsi, milli dəyərlərə bağlılıq və gələcəyə inam dayanır. Sumqayıtın Bayraq Meydanı da bu mənəvi dəyərlərin ifadəsidir. Dövlət bayrağımızın əzəmətlə dalğalandığı bu məkanda şəhərin 77 illik tarixinə nəzər salarkən, onun gələcək hədəflərini də görmək mümkündür.
Sumqayıtın dəyişən siması onun mədəni və sosial həyatında da özünü göstərir. Muğam və Yaradıcılıq Mərkəzi, müasir Şahmat Məktəbi, Heydər Əliyev Mərkəzi və digər sosial-inzibati obyektlər şəhərin inkişafına yeni çalarlar qatıb. Bu tikililər yalnız memarlıq nümunəsi yox, həm də insanların mədəniyyətə, təhsilə və sosial imkanlara əlçatanlığının göstəricisidir. Müasir şəhər həm də müasir düşüncə və geniş imkanlar deməkdir.
Şəhərin gözəlliyi, insanların gündəlik həyatında hiss olunmalıdır. Sumqayıtda yaradılan yeni parklar, abadlaşdırılan istirahət məkanları, yaşıllıq zolaqları və müasir yaşayış binaları şəhər mühitinin dəyişməsinə töhfə verir. Çünki şəhərin əsl dəyəri onun binalarının hündürlüyü ilə yox, sakinlərinin burada nə qədər rahat və təhlükəsiz yaşaması ilə ölçülür.
Sumqayıtın bugünkü inkişafı Prezident İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğının, müəyyən etdiyi inkişaf strategiyasının real nəticəsidir. Bu siyasətin yerli səviyyədə uğurla icrasında isə şəhər rəhbərliyinin üzərinə düşən məsuliyyət böyükdür. Zakir Fərəcov rəhbərlik etdiyi illərdə bu etimadı əməli işlə doğrultmağa, Sumqayıtın müasir, dinamik və yaşamaq üçün daha rahat şəhərə çevrilməsinə töhfə verib. Bu gün Sumqayıtın dəyişən siması, görülən işlər və əldə olunan nəticələr dövlət başçısının müəyyən etdiyi inkişaf yoluna sədaqətin, məsuliyyətli rəhbərliyin və davamlı fəaliyyətin göstəricisidir.
Bu gün Sumqayıt 77 yaşını yenilənən siması, müasir infrastrukturu və gələcəyə hesablanmış hədəfləri ilə qarşılayır. 77 il tarixdir, bu tarixdən doğan qürur isə hər bir sumqayıtlı üçün ortaq dəyərdir.
Ad günün mübarək, əziz və doğma Sumqayıt!
Nizami Rəsulov
Denmedia.az

