Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsi üzrə xarici dil imtahanının 2027-ci ildən tətbiq olunacaq yeni modelini təqdim edib.
Məlumata görə, DİM-in təşəbbüsü, Elm və Təhsil Nazirliyinin, eləcə də regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı ilin aprel–iyun aylarında Bakı və regionlardakı ümumtəhsil məktəblərində xarici dil müəllimləri üçün seminarlar təşkil olunub.
Seminarlarda 2027-ci ildən qüvvəyə minəcək xarici dil imtahanı modeli və nəzərdə tutulan dəyişikliklər barədə məlumat verilib, müəllimlərə müvafiq metodik tövsiyələr təqdim edilib.
Yeni modelə əsasən, imtahanda ümumilikdə 26 tapşırıq olacaq. Bunlardan 25-i qapalı test, biri isə yazılı tapşırıqdır.
İmtahana bir dinləmə mətni və həmin mətn üzrə dörd qapalı test tapşırığı daxil ediləcək. Tapşırıqlardan üçü çoxseçimli, biri isə fikrin doğru və ya yanlış olduğunu müəyyənləşdirməyə yönələcək.
Oxu bacarıqlarının yoxlanılması üçün iki mətn və hər mətn üzrə dörd qapalı test tapşırığı təqdim olunacaq. Beləliklə, oxu üzrə ümumilikdə səkkiz tapşırıq olacaq.
Bundan başqa, şagirdlərə qrammatik və leksik biliklərin qiymətləndirilməsi üçün 13 qapalı test tapşırığı veriləcək.
Yazılı tapşırıqda isə iştirakçılardan təqdim olunan sual və ya tezis əsasında öz fikirlərini fakt və arqumentlərlə əsaslandırmaları tələb olunacaq.
DİM qeyd edib ki, təqdim olunan yeni model həm müəllimlər, həm də şagirdlər üçün faydalı olacaq.

