Dövlət İmtahan Mərkəzi 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
DİM-in məlumatına görə, imtahan Bakıda qurumun elektron imtahanlar korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron formada təşkil olunacaq.
İmtahan iki növbədə keçiriləcək. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlayacaq. İmtahanın müddəti 2 saat 30 dəqiqədir.
Buraxılış rejimi birinci növbə üçün saat 09:45-də, ikinci növbə üçün isə 14:45-də başa çatacaq. Bu vaxtdan sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
İmtahanın II mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360-ı oğlan, 636-sı qızdır.
Namizədlərin 831-i Azərbaycan, 165-i rus bölməsini təmsil edir. Onlardan 426-sı cari ilin, 570-i isə əvvəlki illərin məzunudur. İmtahanda 3 xarici ölkə vətəndaşı da iştirak edəcək.
Bakı şəhərində 957, Naxçıvan şəhərində isə 39 namizədin imtahan verəcəyi gözlənilir.
Bildirilib ki, iştirakçılardan 314 nəfəri əvvəlki illərin nəticələrinə, 682 nəfəri isə builki imtahanda məqbul qiymət aldığına görə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi mərhələsinə buraxılıb.

