Noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər üçün sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanı keçiriləcək.
Denmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
İmtahan “Microsoft Teams” platforması üzərindən onlayn formada təşkil olunacaq. Proses saat 15:00-da başlayacaq və iştirakçılar növbəti 24 saat ərzində imtahana qoşula biləcəklər.
Sınaq imtahanında iştirakçılara 120 dəqiqə ərzində cavablandırmaq üçün 60 sual təqdim ediləcək. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası sahələrini əhatə edəcək.
Yanlış cavablar yekun nəticəyə mənfi təsir göstərməyəcək. Hər bir iştirakçı sınaq imtahanında yalnız bir dəfə iştirak edə biləcək.
İmtahanın istiqamətləri və mövzuları barədə ətraflı məlumatla “Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi” sənədində tanış olmaq mümkündür.
Qeyd edək ki, sertifikatlaşdırmanın məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlıq səviyyəsinin və vəzifəyə uyğunluğunun obyektiv qiymətləndirilməsidir.

