Türkiyənin tanınmış müğənnisi və aktyoru İbrahim Tatlıses illər əvvəl baş rolda çəkildiyi filmlərin razılığı olmadan rəqəmsal platformalarda yayımlandığını əsas gətirərək prodüser şirkətlərinə qarşı məhkəməyə müraciət edib.
Denmedia.az xəbər verir ki, jurnalist Armağan Yılmazın məlumatına görə, sənətçi İstanbul Əqli və Sənaye Hüquqları Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.
Tatlıses məhkəməyə təqdim etdiyi ərizədə ifaçı sənətçilərin müvafiq hüquqlarının qanunla 2001-ci ildə tanındığını, filmlərin çəkildiyi dövrdə isə belə hüquqların mövcud olmadığını bildirib.
Müğənni həmin vaxt hələ yaranmamış hüquqların prodüser şirkətlərinə və ya üçüncü şəxslərə ötürülməsinin mümkün olmadığını, əvvəllər imzaladığı müqavilələrin də bu hüquqlardan imtina etməsi anlamına gəlmədiyini müdafiə edib.
O, kinoteatrlarda nümayiş etdirilmək üçün çəkilən filmlərin bu gün razılığı olmadan rəqəmsal platformalarda yayımlanmasının qanuna zidd olduğunu iddia edib.
Tatlıses məhkəmədən hüquq pozuntusunun və filmlər üzərində müvafiq hüquqların kimə məxsus olduğunun müəyyənləşdirilməsini, icazəsiz yayımların dayandırılmasını tələb edib. Sənətçi filmlərdən əldə olunan gəlirlərlə əlaqədar 10 min türk lirəsi məbləğində pul tələbi də irəli sürüb.
İş üzrə məhkəmə iclasının yaxın günlərdə keçiriləcəyi bildirilir.
Qeyd edək ki, “İmperator” ləqəbi ilə tanınan İbrahim Tatlıses 1980-ci illərdə baş rol aldığı çoxsaylı filmlərlə Türkiyə kinosunun arabesk janrının məşhur simalarından birinə çevrilib. Həmin filmlər bu gün də televiziya kanallarında və rəqəmsal platformalarda nümayiş etdirilir.
Türkiyədə rəqəmsal yayım hüquqları ilə bağlı daha əvvəl də tanınmış sənətçilər məhkəməyə müraciət ediblər. Ajda Pekkan 373 mahnısının icazəsiz rəqəmsal istifadəsi ilə bağlı açdığı məhkəmə işini qazanıb. Kadir İnanır isə bu ilin əvvəlində üç filminin icazəsiz yayımının dayandırılması barədə məhkəmə qərarı əldə edib.

