Dünyada kiberhücumların sayı və miqyasının yaxın bir il ərzində artacağı, 2027-ci ildən isə rəqəmsal təhlükələrin gündəlik həyatın adi hissəsinə çevrilə biləcəyi proqnozlaşdırılır.
Denmedia.az ABŞ-ın “Axios” nəşrinə istinadən xəbər verir ki, hökumət, biznes, süni intellekt və kibertəhlükəsizlik sahələrini təmsil edən 50-dən çox ekspert növbəti bir il yarımda şirkətlərə və həyati əhəmiyyətli infrastruktura yönələn kiberhücumların daha mürəkkəb və təhlükəli xarakter alacağını bildirib.
Mütəxəssislər son iki həftədə “Microsoft” xidmətlərində və ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemlərində baş verən irimiqyaslı texniki nasazlıqları gələcəkdə yarana biləcək daha ciddi problemlərin ilkin xəbərdarlığı kimi qiymətləndirirlər.
“Booz Allen” texnologiya şirkətinin Direktorlar Şurasının sədri və baş icraçı direktoru Horasio Rozanski mövcud vəziyyəti “fırtınaqabağı sakitlik” kimi səciyyələndirib.
Onun sözlərinə görə, avtonom süni intellekt agentlərinin inkişafı ilə kiberhücumlar daha sürətli və mürəkkəb xarakter ala bilər. Bu cür sistemlər insan müdaxiləsi olmadan müxtəlif əməliyyatları yerinə yetirərək “düşüncə sürəti ilə” hücum həyata keçirmək imkanına malik ola bilər.
Ekspertlər ən real ssenarinin böyük fəlakətlərdən daha çox, müntəzəm şəkildə baş verən nisbətən kiçik texnoloji insidentlər olduğunu düşünürlər. Bunun əsas səbəblərindən biri dövlət qurumlarının və şirkətlərin öz sistemlərinin fasiləsiz fəaliyyətini təmin etməyə və təhlükəsizlik boşluqlarını aradan qaldırmağa çalışmasıdır.
Bununla belə, mütəxəssislər bütün texniki nasazlıqların kiberhücum nəticəsində baş verdiyini iddia etmirlər. Son hadisələrin bir qisminin sistemlərin yenilənməsi və texniki problemlərlə əlaqəli olduğu bildirilir.
Ekspertlər bir bankın xidmətlərinin 24 saatlıq dayanması ilə bütöv bir regionun bir həftə elektrik enerjisiz qalması arasında ciddi fərq olduğunu vurğulayırlar. Onların fikrincə, əsas məsələ texnoloji sistemlərin getdikcə artan təhlükələrə qarşı dayanıqlığının gücləndirilməsidir.

