Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Denmedia.az xəbər verir ki, Sərəncama əsasən, 2009-cu ildə anadan olmuş və çağırış gününədək, həmin gün də daxil olmaqla, 18 yaşı tamam olmuş vətəndaşlar hərbi xidmətə çağırılacaqlar.
Bundan başqa, 1997–2008-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətdən azad edilməmiş vətəndaşlar da 2027-ci il yanvarın 1-dən 30-dək hərbi xidmətə çağırılacaqlar.
Sərəncama əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini başa vurmuş hərbi qulluqçular da həmin tarixlərdə ehtiyata buraxılacaqlar.
Nazirlər Kabinetinə Sərəncamın icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi tapşırılıb.

