Qrip və pnevmokok infeksiyasına qarşı peyvəndlənmə yaşlı insanlarda demensiyanın inkişaf riskinin azalması ilə əlaqəli ola bilər.
Denmedia.az xəbər verir ki, bu barədə Rusiya Piroqov Universitetinin Gerontologiya Elmi-Klinik Mərkəzinin direktoru, Rusiya Gerontoloqlar və Geriatrlar Assosiasiyasının prezidenti Olqa Tkaçova danışıb.
Mütəxəssisin sözlərinə görə, yaşlı insanlar üçün hər il qripə qarşı peyvənd olunmaq, həmçinin pnevmokok infeksiyasına qarşı vaksinasiya xüsusilə əhəmiyyətlidir.
“Yaşlı insanlar üçün hər il qripə və pnevmokok infeksiyasına qarşı peyvəndlənmə xüsusilə vacibdir. Bu peyvəndlərin demensiya riskinin daha aşağı olması ilə əlaqəli olduğunu göstərən məlumatlar mövcuddur”, – deyə Tkaçova bildirib.

Həkim həmçinin difteriya və tetanusa qarşı hər 10 ildən bir təkrar peyvənd olunmağın vacibliyini xatırladıb.
Onun sözlərinə görə, vaksinasiya yaşlılıq dövründə sağlamlığın qorunmasına kömək edən mühüm profilaktik tədbirlərdən biridir.
Yaş artdıqca immun sistemi zəifləyir. Nəticədə infeksiyalara yoluxma ehtimalı yüksəlir, xəstəliklər daha ağır keçir və orqanizmdə xroniki iltihab proseslərinin yaranmasına şərait formalaşır.
Mütəxəssis bildirib ki, xroniki iltihab ürək-damar sistemi ilə bağlı ağırlaşmaların, eləcə də yaddaş, düşünmə və digər idrak funksiyalarının zəifləməsi riskini artıra bilər.

