“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ABŞ-ın MLS liqasının pley-off mərhələsində “Kolambus Kru” ilə keçirilən görüşdə rəqib futbolçunun üzünə top atdığı üçün sarı vərəqə alıb.
Denmedia.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hadisə matçın birinci hissəsinə əlavə olunmuş dəqiqələrdə baş verib.
Messi topu yan xətdən oyuna daxil etməyə hazırlaşarkən “Kolambus Kru”nun hücumçusu Qonsalo Tapia onun qarşısını kəsərək oyunun sürətlə bərpasına mane olub. Bundan əsəbiləşən argentinalı futbolçu topu birbaşa rəqibinin üzünə atıb. Tapia zərbədən sonra yerə yıxılıb.
Matçın baş hakimi Allen Çapman hər iki futbolçuya sarı vərəqə göstərib. Lakin “Kolambus Kru”nun baş məşqçisi Loran Kurtua hakimin qərarını həddindən artıq yumşaq hesab edərək Messinin meydandan qovulmalı olduğunu bildirib.
“Hamı bilir ki, o, sarı vərəqədən daha ağır cəzaya layiq idi. Bu, sadəcə, çox təəssüf doğurur”, – deyə Kurtua vurğulayıb.
Baş hakim isə qərarını izah edərək Messinin hərəkətində qəsdən aqressiv davranış əlamətlərinin olmadığını və topun kifayət qədər güclü atılmadığını bildirib.
Qarşılaşmada Qonsalo Tapia iki qol vuraraq komandasının qələbəsində mühüm rol oynayıb. “İnter Mayami” doğma meydanda “Kolambus Kru”ya 0:3 hesabı ilə məğlub olub.
Komandalar arasında cavab görüşü noyabrın 27-də ABŞ vaxtı ilə keçiriləcək.

