Azərbaycan ilk dəfə Çinə qabığı təmizlənmiş fındıq ixrac edib. “AGRARCO” MMC tərəfindən Çin bazarına 21 ton fındıq ləpəsi göndərilib.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, ixrac AQTA ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış protokol çərçivəsində həyata keçirilib.
Agentliyin dəstəyi ilə “AGRARCO” MMC Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb.
İlk məhsul partiyası bütün zəruri yoxlamalardan keçərək Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə uyğunluğunu təsdiqləyən sertifikatlarla təmin olunub.
Azərbaycan fındığının Çin bazarına çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları yaradır.

