İndoneziyanın Banten əyalətində yerləşən şirniyyat fabrikində baş verən güclü yanğından sonra dağıntılar arasından insan qalıqları ilə dolu 24 kisə çıxarılıb. Onlarla işçinin taleyi isə hələ də naməlum olaraq qalır.
Denmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, itkin düşən işçilərin axtarışının noyabrın 23-də səhər saatlarında bərpa olunması planlaşdırılıb.
İlkin məlumatlarda həlak olanların dəqiq sayının müəyyənləşdirilmədiyi bildirilir. Polis əməkdaşlarının sözlərinə görə, bir kisədə bir neçə nəfərə məxsus insan qalıqları ola bilər.
Yanğının yüksək temperaturu səbəbindən meyitlərin xarici görünüşə əsasən tanınması mümkün deyil. Buna görə də mütəxəssislər ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün yaxınlarından DNT nümunələri götürür və onların şəxsi əşyalarını araşdırırlar. Bu prosesin iki-üç həftə davam edə biləcəyi bildirilir.
Fabrik rəhbərliyinin təqdim etdiyi məlumata əsasən, yanğının baş verdiyi ərazidə olan 65 işçidən 24-ü evinə qayıdıb, 4 nəfər xəstəxanada müalicə alır. Daha 29 işçi itkin düşmüş hesab edilir, 8 nəfərin harada olduğu isə hələlik təsdiqlənməyib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Fabrik binasının bəzi hissələrində uçqun təhlükəsi qalması axtarış-xilasetmə işlərini çətinləşdirir.

