Fransanın “Milli Birlik” partiyasından 2027-ci il prezident seçkilərinə namizəd Marin Le Pen Ukraynadakı müharibənin üç mümkün inkişaf ssenarisini açıqlayıb. Onun fikrincə, bu ssenarilərdən biri Üçüncü Dünya müharibəsinin başlamasıdır.
Denmedia.az xəbər verir ki, Le Pen bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Ukrayna ilə bağlı yalnız üç mümkün nəticə var: ya NATO münaqişəyə qoşulacaq və bu, Üçüncü Dünya müharibəsinə çevriləcək, ya müharibə illərlə uzanacaq, ya da bütün ölkələr bunun nəticələrini anlayacaqlar”, – deyə siyasətçi bildirib.
Le Pen müharibənin uzun illər davam edə biləcəyi ehtimalını tarixdəki Yüzillik müharibə ilə müqayisə edib.
Fransalı siyasətçi Ukraynadakı münaqişənin iqtisadi nəticələrinə də xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, müharibənin yaratdığı iqtisadi problemlər bütün dünyaya təsir göstərə bilər.
Le Pen 2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə bütün tərəflərlə dialoq aparacağını da bildirib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də keçiriləcək. Namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu qazana bilməsə, ən çox səs toplayan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

