Həftədə ən azı iki dəfə qatıq yemək yoğun bağırsaq xərçənginin bəzi növlərinin inkişaf riskinin azalması ilə əlaqəli ola bilər.
Denmedia.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, bu barədə onkoloq Castin Stebbinq danışıb.
Həkim bildirib ki, aparılan araşdırmalardan birində həftədə iki və daha çox porsiya qatıq qəbul edən insanlarda yoğun bağırsağın sağ hissəsində yaranan müəyyən növ xərçəngə daha az rast gəlindiyi müəyyən edilib. Bu nahiyədə inkişaf edən bəzi şişlər yoğun bağırsağın sol hissəsində yaranan şişlərlə müqayisədə daha aşağı sağqalma göstəriciləri ilə əlaqələndirilir.
Stebbinqin sözlərinə görə, qatığın mümkün qoruyucu təsiri bağırsaq mikrobiomuna, yəni həzm sistemində yaşayan mikroorqanizmlərin tərkibinə təsiri ilə bağlı ola bilər.

“Bağırsaq mikrobiomu ümumi sağlamlıq üçün həlledici əhəmiyyət daşıyır. O, həzm prosesinə, immun sisteminin fəaliyyətinə və hətta xərçəngin inkişaf riskinə təsir göstərir”, – deyə onkoloq bildirib.
Mütəxəssis qeyd edib ki, bağırsaq bakteriyalarına hətta xərçəng şişlərinin daxilində də rast gəlmək mümkündür. Bu mikroorqanizmlərin sağlam tarazlığının qorunması immun sisteminin normal fəaliyyəti və onkoloji xəstəliklərin yaranmasına şərait yarada bilən iltihab proseslərinin qarşısının alınması baxımından əhəmiyyətlidir.
Onkoloqun sözlərinə görə, qatığın tərkibindəki canlı faydalı bakteriyalar bağırsaq mikrobiomunun tarazlığını dəstəkləyə bilər.

