Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin su kanalına düşməsi nəticəsində 1 nəfər ölüb, ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə rayonun Qovlar kəndi ərazisində yol qəzasının baş verməsi və bir nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
İlkin araşdırma zamanı “VAZ” markalı minik avtomobilinin idarəetmədən çıxaraq su kanalına düşdüyü və sürücünün avtomobildə həyatını itirdiyi müəyyən edilib.
Xilasedicilər 65 yaşlı sürücü Şakir Şahmalı oğlu Hüseynovun meyitini kanaldan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində ikisi azyaşlı olmaqla daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

