Türkiyənin İstanbul şəhərində yaşayış məntəqəsində aslanın görünməsi sakinlər arasında təşvişə səbəb olub. Yırtıcının tutulması üçün xüsusi qruplar əraziyə cəlb edilib.
Denmedia.az Türkiyənin “Aykırı” nəşrinə istinadən xəbər verir ki, hadisə İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsində qeydə alınıb.
Yerli sakinlərin ərazidə aslan gördüklərini bildirməsindən sonra aidiyyəti qurumlar hərəkətə keçib. Əhaliyə diqqətli olmaq və təhlükəsizlik tədbirlərinə əməl etmək barədə xəbərdarlıq edilib.
Məlumata görə, heyvanın görüntüləri müşahidə kameralarına düşüb. Aparılan axtarışlar zamanı termal kameraların köməyi ilə onun olduğu ərazi müəyyənləşdirilib.
İstanbul Valiliyinin məlumatına əsasən, aslanın sağ tutulması üçün təbiəti mühafizə, polis və jandarma əməkdaşlarının iştirakı ilə tədbirlər davam etdirilir.
Yırtıcının şəhərin yaşayış ərazisinə haradan gəldiyi hələlik məlum deyil.
Qeyd edək ki, Sarıyer rayonu İstanbulun Avropa hissəsinin şimalında, Bosfor boğazından Qara dəniz sahillərinədək uzanan ərazidə yerləşir.

