Braziliyanın sabiq prezidenti Jair Bolsonaruya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən siyasətçinin xəstəxanadan nə vaxt buraxılacağı hələlik məlum deyil.
Denmedia.az “CNN Brasil” telekanalına istinadən xəbər verir ki, bu barədə paytaxt Braziliadakı xəstəxananın yaydığı tibbi məlumatda bildirilib.
Həkimlərin qiymətləndirməsinə əsasən, Bolsonarunun vəziyyəti klinik baxımdan stabildir. O, dərmanlarla müalicə olunur, qida qəbul etmir və zəruri tibbi dəstəklə təmin edilir.
Sabiq prezident noyabrın 20-də qarın nahiyəsində kəskin ağrılardan şikayət edərək xəstəxanaya yerləşdirilib.
İki gün sonra həyat yoldaşı Mişel Bolsonaru onun bir neçə gündən sonra ilk dəfə gecəni ağrısız keçirdiyini və bir qədər gəzə bildiyini bildirib.
Qeyd edək ki, Jair Bolsonaru dövlət çevrilişinə cəhd işi üzrə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Səhhətindəki problemlərlə əlaqədar o, cəzasını ev dustaqlığı şəraitində çəkir.
2018-ci ildə seçki kampaniyası zamanı qarın nahiyəsindən bıçaqlanan sabiq prezident sonrakı illərdə dəfələrlə xəstəxanaya yerləşdirilib. Buna əvvəlki əməliyyatlardan sonra yaranan bitişmələrin törətdiyi ağırlaşmalar səbəb olub.

