Gürcüstanda azərbaycanlı iş adamı Duriç Hacıyevə silahlı hücum edilib. Naməlum şəxslər onun azyaşlı uşaqları ilə birlikdə olduğu avtomobilə atəş açıblar.
Denmedia.az Gürcüstanın “TV Pirveli” telekanalına istinadən xəbər verir ki, hadisə Qardabani rayonunun Qaracalar kəndində, iş adamı restorandan evə qayıdarkən baş verib.
İlkin ehtimallara görə, hücumun arxasında maliyyə mübahisəsi dayana bilər. Yayılan məlumatlarda Hacıyevin şantaj edildiyi və ondan biznesində pay tələb olunduğu iddia edilir.
Lakin iş adamının ailəsi bu məlumatları təkzib edib. Onun atası oğlunun heç kimlə maliyyə mübahisəsinin olmadığını bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxsə ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirakçılıq ittihamı irəli sürülüb.
Polis hücumda iştirak etməkdə şübhəli bilinən ikinci şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.

