Noyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti barədə məlumat verilib.
Denmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcək.
Gün ərzində arabir güclənən cənub-qərb küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz isə 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetrə enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

