Rusiyaya məxsus “Merkuri” hərbi gəmisi Liviyanın Benqazi şəhərindəki hərbi dəniz bazasında dəniz dronlarının hücumuna məruz qalıb. Güclü partlayışlardan sonra gəmidə yanğın baş verib və onun ağır zədələnərək batdığı bildirilir.
Denmedia.az Associated Press və Reuters agentliklərinə istinadən xəbər verir ki, hücum noyabrın 22-də həyata keçirilib.
İlkin məlumatlara görə, əməliyyatda altı pilotsuz dəniz aparatından istifadə olunub. Onlardan dördünün qarşısı alınıb, ikisi isə hərbi gəmiyə tuş gəlib.
Zərbələr nəticəsində “Merkuri” ciddi zədələnib. Hadisə yerindən əldə olunan peyk görüntülərində gəminin aşmış vəziyyətdə olduğu görünür.
Hücumun arxasında Ukrayna qüvvələrinin dayana biləcəyi ehtimal edilir. Lakin Kiyev rəhbərliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Liviyanın şərqində fəaliyyət göstərən hakimiyyət orqanları hadisənin mümkün dron hücumu nəticəsində baş verdiyini bildiriblər. Hücumun bütün təfərrüatları və onu həyata keçirən tərəf barədə araşdırmalar davam edir.

