Türkiyə mediasında Azərbaycana qarşı növbəti təbliğat dalğası başlayıb. Bəzi dairələr Qəzzada yenidən alovlanan toqquşmalara görə məsuliyyəti sanki Azərbaycanın üzərinə yükləməyə çalışır, ölkəmizi İsrail-Fələstin münaqişəsində tərəf kimi təqdim edirlər. Halbuki Azərbaycan bu prosesdə daim neytral, lakin humanitar dəyərlərə əsaslanan mövqe sərgiləyib.
Analitiklər hesab edir ki, bu cür ittihamlar Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə yönəlmiş manipulyativ cəhdlərdir. Rəsmi Bakı həm İslam həmrəyliyinə, həm də beynəlxalq hüquqa sadiq qaldığını dəfələrlə bəyan edib. Fələstin məsələsində iki dövlətli həllin dəstəkləndiyi vurğulanıb.
Türkiyə mediasında Azərbaycana qarşı zərərli tezislər və manipulyativ fikirlərin davam etməsinə səbəb nədir?
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfoya-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Türkiyədə müəyyən bir kəsim xüsusilə din amili üzərindən siyasətin həyata keçirilməsinin tərəfdarıdır:
“Bu qruplar əsasən marjinal xarakter daşısalar da, müəyyən dərəcədə mediaya təsir imkanlarına malikdirlər. Hazırda ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planında beynəlxalq sülhməramlı qüvvələrin Qəzzada müvəqqəti yerləşdirilməsi məsələsi nəzərdə tutulur. Bu kontekstdə Azərbaycanın da adı çəkilir. Lakin plan hələlik müzakirə mərhələsindədir və ölkəmiz məsələ ilə bağlı rəsmi mövqe bildirməyib. Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün İsrailin razılığı əsas şərtlərdən biridir. Müzakirələrdə Azərbaycanla yanaşı, Pakistan, İndoneziya və Banqladeşin də adı çəkilir. Eyni zamanda İsrailin Türkiyənin bu kontingentdə iştirakına mənfi yanaşdığı məlumdur. ABŞ isə hələlik danışıqları davam etdirir və məsələ üzrə yekun qərar qəbul edilməyib”.

Fərhad Məmmədov
Politoloq qeyd edib ki, bütün mövcud proseslər fonunda həm ideoloji, həm də İranın təsiri altında olan qruplar Azərbaycana qarşı mənfi informasiya kampaniyası aparmağa çalışır:
“Lakin bu cəhdlər Bakı-Ankara münasibətlərinə təsir etmir. Hər iki ölkənin siyasi qurumları və liderləri daimi əlaqədədirlər, eləcə də bütün məsələlər üzrə koordinasiya mövcuddur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə planlaşdırılan Bakı səfəri də əlaqələrin yüksək səviyyədə olduğunu bir daha göstərir. Ona görə də informasiya manipulyasiyaları iki qardaş ölkə arasında münasibətlərə kölgə sala bilməz”.
Araşdırmaçı-yazar Əkbər Qoşalı isə bildirib ki, son günlər qardaş Türkiyədə Azərbaycana qarşı sosial mediada və bəzi ideoloji çevrələrdəki iddialar nə siyasi məntiq, nə də vicdanla əsaslandırıla bilər:
“Əslində, bu cür əsassız kampaniyalar dost, qonşu və qardaşlıq təməllərinə zərbə vurmaq məqsədi daşıyan “psixoloji əməliyyatlar”ın tərkib hissəsidir. Halbuki bizim münasibətlərimizin ən mühüm hüquqi və mənəvi dayaqlarından biri “Şuşa Bəyannaməsi”dir. Sadəcə zamanla mövzular dəyişir: dünən Qarabağ, bu gün isə Qəzza üzərindən fitnə toxumu səpilir. Məqsəd də eynidir: Azərbaycanla Türkiyə arasında etimadı sarsıtmaq, “Bir millət – iki dövlət” fəlsəfəsini zədələmək.
Türkiyə və Azərbaycan liderləri arasındakı münasibətlər tarixi strateji tərəfdaşlıq səviyyəsindədir. Reallığı dəyişmək mümkün deyil. Bunu bacarmayan qüvvələr süni “fikir burulğanları” yaratmağa çalışsalar da, unudurlar ki, Azərbaycan-Türkiyə qardaşlığının təməli siyasətdə deyil, mənəvi və tarixi bağlarda möhkəmlənib”.

Əkbər Qoşalı
Araşdırmaçı əlavə edib ki, Azərbaycan nə Qəzzanı yaradıb, nə də orada baş verən hadisələrin məsuliyyətini daşıyır:
“Əksinə Azərbaycan öz torpaqlarını azad edən, regionda ədalətin bərpasına töhfə verən bir dövlətdir. Bu, Fələstin xalqının haqq mübarizəsinə də ən doğru cavabdır. Bugünkü anti Azərbaycan ritorikası bir vaxtlar anti-Türkiyə kampaniyasını aparan eyni mənbələrdən qaynaqlanır. Məqsəd yenə də dəyişmir – Türk dünyasının birliyini zəiflətmək. Amma unudurlar ki, biz eyni kökün, eyni haqqın, eyni gələcəyin övladlarıyıq. Qardaşlığın nurundan doğan bu işıq heç bir qaranlıq kampaniyaya məğlub olmayacaq. Azərbaycanla Türkiyəyə qarşı düşmənlərin arzuları birləşə bilər, amma həqiqətin və birliyin qarşısında yenə də diz çökəcəklər”.

