31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birlik, həmrəylik və dövlətçilik ideallarının təcəssümüdür. Bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qoyulmuş, dekabrın 25-də isə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə 31 dekabr bütün dünya azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilmişdir. Bununla da, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlı üçün milli bayram təsis olunmuşdur.
Həmrəylik Gününün tarixi kökləri XX əsrin sonlarında Sovet imperiyasının süqutu dövründə Araz çayının hər iki sahilində baş verən sərhəd yürüşlərinə dayanır. Şimali və Cənubi Azərbaycanın ayrılıq rəmzi olan sərhəd dirəklərinin xalq tərəfindən sökülməsi azərbaycanlıların bir millət, bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu hadisə milli yaddaşda birləşmək arzusu, azadlıq və bütövlük ideyasının simvoluna çevrildi.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini milli ideologiyanın əsas sütunlarından biri kimi dəyərləndirərək, bu günün təsisi ilə xalqın ideoloji birliyinə nail oldu. O, xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərə xüsusi önəm verir, onların problemləri ilə maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə milli qürurun və mənəvi birliyin ifadəsinə çevrilmişdir.
Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı xarici səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşlər keçirir, onların fəaliyyətini dəstəkləyir və diasporla əlaqələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayır. Bu gün Azərbaycan diasporu dünyanın 70-dən çox ölkəsində təşkilatlanaraq ölkəmizin milli maraqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirak edir.
Xüsusilə Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi birlik və həmrəylik tarixi əhəmiyyət daşıdı. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərini müdafiə etməsi, anti-Azərbaycan kampaniyalarına qarşı qətiyyətli mövqe tutması ümummilli həmrəyliyin bariz nümunəsi oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir yumruq” təkcə hərbi gücün deyil, milli birliyin rəmzinə çevrildi.
2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı isə bu birliyin ən yüksək zirvəsi oldu. Tarixi Zəfərdən sonra ilk dəfə keçirilən Qurultay göstərdi ki, Azərbaycan xalqı həm ölkə daxilində, həm də dünya miqyasında vahid ideya və məqsədlər ətrafında birləşmişdir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyə bağlılığın, Vətənə sevginin, tarixi yaddaşın və gələcəyə inamın bayramıdır. Bu bayram dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını eyni amal – güclü, müstəqil və qalib Azərbaycan ətrafında birləşdirir.
Nərmin Mehdiyeva
Sumqayıt Bələdiyyəsinin üzvü

