Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində baş verən kütləvi dava ilə bağlı araşdırma aparılır. Hadisə üzrə 7 nəfər saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polisə daxil olan müraciətdən sonra hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb. Hadisə yerinə baxış keçirilib, iştirakçılar dindirilib və müvafiq ekspertizalar təyin olunub.
DİN-dən bildirilib:
“Müəyyən edilib ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Dava zamanı iştirakçılar bir-birinə bədən xəsarətləri yetiriblər”.
Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb. Nazirlikdən həmçinin bildirilib ki, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

