ABŞ Dövlət Departamenti İranın Naxçıvana dron hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqton İranın bu davranışını qınayıb və Azərbaycana həmrəyliyini ifadə edib.
Bunu ABŞ-ın regiondakı mövqeyi baxımından necə qiymətləndirmək olar? Bu bəyanat real siyasi mesaj hesab oluna bilərmi?
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Naxçıvana dron hücumunun Vaşinqton tərəfindən pislənməsi ilk növbədə ABŞ-Azərbaycan dostluq münasibətlərinin göstəricisidir:
“Eyni zamanda bu mövqe ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında maraqlı olduğunu göstərir. Buna görə də bu addım yüksək qiymətləndirilməlidir. Bu, həmçinin ABŞ və Azərbaycan prezidentləri arasında qarşılıqlı hörmətə əsaslanan və iki ölkənin münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş siyasi xəttin ifadəsidir”.
Politoloq Xəqani Cəfərli isə bildirib ki, bu bəyanat ilk növbədə Azərbaycanla həmrəylik xarakteri daşıyır:
“O cümlədən nümayiş olunan mövqe İranın münaqişəni daha geniş coğrafiyaya yaymaq siyasətinə etiraz kimi qiymətləndirilə bilər. Bu baxımdan bəyanat real siyasi mesaj daşıyır. Lakin iki ölkə arasında münasibətlərin səviyyəsini və əməkdaşlığın dərinliyini yalnız bu cür açıqlamalar deyil, daha çox ictimaiyyətə açıqlanmayan praktiki addımlar müəyyən edir”.



