Böyük Britaniyanın 200 illik köləlik və müstəmləkəçilik siyasəti nəticəsində Barbadosa vurduğu zərər 2 trilyon dollar qiymətləndirilir. Bu barədə ekspertlərin nəticələrini The Guardian yayıb.
Araşdırmaya görə, bu məbləğə ödənişsiz əmək, insan itkiləri və Afrikadan daşınma zamanı həyatını itirənlərin dəyəri daxildir. Həmçinin qeyd olunur ki, Britaniya bu proses nəticəsində Barbadosdan ümumilikdə 25 milyon illik həyat və əmək potensialını alıb.
Barbados XVII əsrin əvvəlində kütləvi kölə əməyinin tətbiq olunduğu ilk böyük Britaniya koloniyalarından biri olub. Tədqiqat göstərir ki, bu sistem milyonlarla insanı əhatə edib, o cümlədən köləlikdə doğulanlar və okeanı keçərkən həlak olanlar.
1834-cü ildə köləliyin ləğvindən sonra Britaniya kompensasiyanı kölə sahiblərinə ödəyib, zərərçəkənlər isə heç bir ödəniş almayıb.
Barbadosun Afrika məsələləri üzrə naziri Trevor Prescod bildirib ki, hesabat reparasiya tələblərinin əsaslandırılması üçün hökumətə təqdim olunacaq.
Araşdırmanın rəhbəri Coleman Bazelon isə vurğulayıb ki, məqsəd yalnız maliyyə hesabı çıxarmaq deyil:
“Bu, vurulmuş ziyanın uçotudur və onun tanınması barışıq üçün başlanğıc nöqtəsidir.”
Eyni zamanda, britaniyalı kölə sahiblərinin nəslindən olan bəzi nümayəndələr mənəvi və maliyyə borcunun tanınmasına çağırış edirlər. Lakin beynəlxalq səviyyədə məsələ mürəkkəb olaraq qalır, çünki Böyük Britaniya daha əvvəl birbaşa maliyyə kompensasiyalarını istisna edib.

