Türk pop musiqisinin sevilən simalarından Kenan Doğulu qatıldığı “YouTube” proqramında həm həyat yoldaşı Beren Saatın ruh halı, həm də Los-Ancelesdə ciddi zərər görən evi ilə bağlı səmimi etiraflar edib.
2014-cü ildə ailə quran məşhur cütlük son dövrdə yaşadıqları çətin proseslə gündəmə gəlib.
“Berenin üzərində dünyanın yükü var”
Həyat yoldaşı Beren Saatın həssas xarakterinə diqqət çəkən Kenan Doğulu məşhur aktrisanın son vaxtlardakı bədbin ruh halından danışıb. Saatın kainatla və kökləri ilə çox bağlı insan olduğunu vurğulayan Doğulu deyib:
Beren çox dərin hiss edən, zərif insandır. Köklərlə, bütün kainatla çox bağlıdır. Son vaxtlar o qədər bədbəxt, həvəssiz və sevincsizdir ki, sanki bütün dünyanın yükü onun üzərindədir; hər şeyi dərindən hiss edir.
Yanğın fəlakəti: “İmzalı gitaralarım və xatirələrim getdi”
Bir il yarım əvvəl Los-Ancelesdə baş verən meşə yanğınında evinin böyük zərər gördüyünü xatırladan Doğulu bildirib ki, bu hadisədən sonra mülkiyyətə baxışı dəyişib.
Müğənni evdəki şəxsi studiyasının, albomlarının və mənəvi dəyəri ölçülməyən imzalı gitaralarının məhv olduğunu deyib. O, evi satmaq qərarına gəldiyini də bildirib.
Doğulu deyib:
Mənə aid milyonlarla əşya azalmış oldu. Satıb çıxmağa çalışıram, başqa yerdən ev almaq istəyirəm. Böyük travmadır, amma orada olmadığımız üçün xoşbəxtəm. Həll olunmayacaq bir məsələ deyil.
10 illik evlilikdə çətin günlər
2014-cü ildə, məhz yanğının baş verdiyi bölgə olan Los-Ancelesdə evlənən cütlüyün həm maddi itkilər, həm də dünyada baş verən hadisələr səbəbindən emosional baxımdan yorulduğu müşahidə olunur.

Kenan Doğulu yaşadıqları bu itkinin onu da dərindən təsirləndirdiyini, lakin ən böyük təsəllisinin sağlam olmaları olduğunu bildirib.

