Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Gəncə şəhəri və Samux rayonunda yas mərasimlərində baş verən kütləvi zəhərlənmələrin ilkin səbəbini açıqlayıb.
Agentliyin məlumatına görə, hər üç mərasimdə istifadə olunan qida məhsulları ilkin epidemioloji araşdırma çərçivəsində təhlil edilib. Ortaq risk amili kimi lavaş müəyyənləşdirilib.
Bildirilib ki, mərasimlərdə istifadə olunan lavaş qeydiyyatsız şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarılıb.
Məhsuldan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri və istehsal şəraitinin yoxlanılması başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
AQTA vətəndaşlara qida məhsullarını yalnız qeydiyyatdan keçmiş istehsalçılardan və təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən ticarət obyektlərindən almağı tövsiyə edib.
Həmçinin mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan məhsullardan istifadə edilməməsi barədə xəbərdarlıq olunub.
Xatırladaq ki, iyulun 12-də Gəncədə 7 nəfərin, iyulun 14-də yenidən Gəncədə 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmaya başlanılıb.

