Ukraynanın Rusiyanın Ryazan vilayətinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə hücumundan sonra “Wildberries” şirkətinə məxsus logistika mərkəzində güclü yanğın baş verib.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirməyə çalışarkən şəhərdəki müəssisələrdən birində yanğın başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili yardım briqadaları göndərilib.
Rusiya və Ukrayna mənbələrinin məlumatına görə, yanğın Ryazanski Sənaye Parkında yerləşən “Ryazan: Tyuşevskaya” çeşidləmə və logistika mərkəzində qeydə alınıb. Şahidlərin paylaşdığı görüntülərdə sənaye zonasından sıx qara tüstünün yüksəldiyi görünür.
Hücumdan sonra “Wildberries” əməkdaşların və müştərilərin təhlükəsizliyini əsas gətirərək obyektdə bütün logistika əməliyyatlarını müvəqqəti dayandırıb.
Ukrayna tərəfi şirkətin anbarlarının Rusiya ordusunun logistikasına dəstək verdiyini iddia edir. Kreml isə bu ittihamları rədd edir. Son hücumlarla birlikdə şirkətin bir neçə anbarının hədəfə alındığı bildirilir.

