Ukrayna ordusu Azov dənizində hərəkət edən Rusiya tanker və yük gəmilərinə qarşı genişmiqyaslı kamikadze dəniz dronları əməliyyatı keçirib.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri tərəfindən paylaşılan əməliyyat görüntülərində Rusiya logistika xətlərinə endirilən ciddi zərbələr əks olunub.
Əməliyyat gecə saatlarında, qaranlıqdan istifadə edən çoxsaylı kamikadze pilotsuz dəniz aparatlarının eyni vaxtda hərəkətə keçməsi ilə başlayıb. Hərbi mənbələrin yaydığı gecə görüntülərində sürətlə irəliləyən aparatların Rusiya tanker və yük gəmilərinə ardıcıl çırpıldığı, bundan sonra güclü partlayışların baş verdiyi görünür.
İlkin məlumata görə, əməliyyat zamanı 10-a yaxın Rusiya gəmisi birbaşa hədəfə alınıb. Dronların zərbəsindən sonra gəmilərə ağır ziyan dəydiyi bildirilir. Ukrayna tərəfinin bu hücumla Rusiyanın bölgədəki təchizat zəncirini sıradan çıxarmağı hədəflədiyi qeyd olunur.
Hücumdan dərhal sonra ərazidə aparılan kəşfiyyat uçuşları əməliyyatın nəticələrini ortaya qoyub. Ziyanın qiymətləndirilməsi üçün çəkilən görüntülərdə hədəfə alınan tanker və yük gəmilərinin alovlar içində qaldığı, bir qisminin isə ağır zədə alaraq istifadəyə yararsız vəziyyətə düşdüyü görünür.
Azov dənizində Rusiyanın hərbi və logistika hərəkətliliyini iflic etməyə yönələn bu əməliyyat Ukraynanın pilotsuz sistemlər sahəsində imkanlarının daha da genişləndiyini göstərib. Bölgədə ziyanın miqyasının və batmış gəmilərin sayının arta biləcəyi istisna edilmir.

