Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər.
Denmedia.az AZƏRTAC -a istinadla xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya institutun fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən artıqdır uşaqların sağlamlığının qorunması istiqamətində fəaliyyət göstərir.
Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında yaradılıb. 1927-ci ildə isə yenidən təşkil edilərək Ana və Uşaqların Mühafizəsi İnstitutuna çevrilib.
Burada uşaqlara müalicə-profilaktik yardım göstərilməklə yanaşı, pediatriya sahəsində peşəkar tibb kadrlarının hazırlanması, elmi tədqiqatların aparılması və mövcud tibbi təhsil sisteminin təkmilləşdirilməsi həyata keçirilir.
İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi və bir sıra paraklinik bölmələr fəaliyyət göstərir. 60 çarpayılıq Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsi respublika mərkəzi funksiyasını yerinə yetirir.
Ziyarət zamanı Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva institutda yaradılan şəraitlə tanış olublar.
Həmçinin müəssisənin fəaliyyətinin gələcəkdə daha da təkmilləşdirilməsi məqsədilə instituta süni tənəffüs aparatları hədiyyə edilib.









