Bu gün, 15 aprel, görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.
Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskva şəhərində vəfat edib. 1994-cü ildə onun nəşi Moskvanın Novodeviçi qəbiristanlığından Bakıya gətirilərək Fəxri xiyabanda, atasının məzarı yanında dəfn olunub.
Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
O, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib, 1969-cu ildən A. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasında dosent, daha sonra professor, görmə orqanlarının peşə xəstəlikləri laboratoriyasının rəhbəri və oftalmologiya kafedrasının müdiri (1982–1985) olub.
Zərifə Əliyeva Azərbaycanda oftalmologiyanın inkişafına böyük töhfə verib. Onun elmi fəaliyyəti traxoma, peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri, xüsusilə kimya və elektronika sənayesində yaranan problemlər, eləcə də oftalmologiyanın müasir məsələlərini əhatə edib. Onun əsas əsərləri arasında “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” yer alır.
Alim 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi məqalənin, bir ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir.
O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin idarə heyətinin üzvü olub, həmçinin “Vestnik oftalmologii” jurnalının redaksiya heyətində təmsil olunub.
Elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülüb.

