Rusiya və Ukrayna arasında qarşılıqlı hücumların intensivləşməsi fonunda Kiyev yenidən hava zərbələrinə məruz qalıb.
Reuters-in məlumatına görə, sentyabrın 11-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın paytaxtına hava hücumu həyata keçirib. Hücumdan əvvəl şəhər sakinlərinə dron təhlükəsi ilə əlaqədar sığınacaqlara getmək barədə xəbərdarlıq edilib.
Zərbələr nəticəsində Kiyevdə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib, azı iki nəfər yaralanıb. Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Son günlər Kiyevə hücumlar xeyli intensivləşib. Sentyabrın 10-da da Rusiya dronunun şəhərdə yanacaqdoldurma məntəqəsinə düşməsi nəticəsində dörd nəfər yaralanmışdı. Bundan əvvəl isə paytaxt raket və dronlarla genişmiqyaslı hücumlara məruz qalmışdı.
Eyni zamanda Ukrayna da Rusiya ərazisində uzaqmənzilli dron əməliyyatlarını genişləndirib və enerji, sənaye və digər infrastruktura zərbələr endirib. Beləliklə, son günlər qarşılıqlı hava hücumları müharibədə gərginliyi yenidən artırıb.

