ABŞ Fələstin Prezidenti Mahmud Abbasın viza müraciətini rədd edib. “The Times of Israel”in ABŞ və Fələstin rəsmilərinə istinadən yaydığı məlumata görə, Abbas bununla ardıcıl ikinci il BMT Baş Assambleyasına videokonfrans vasitəsilə müraciət etməli olacaq.
Abbasla yanaşı, BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər etməyi planlaşdıran onlarla Fələstin rəsmisinin də viza müraciəti rədd edilib.
Fələstin rəsmilərindən biri ona viza verilməməsinin səbəbi kimi “hər hansı vaxt terror fəaliyyətində iştirak etmiş və ya terror təşkilatı ilə əlaqəsi olmuş şəxslərə viza verilməsini qadağan edən 212(a)(3)(B) maddəsinin” göstərildiyini bildirib. Abbasın viza müraciətinin də eyni əsasla rədd edilib-edilmədiyi məlum deyil.
Abbasın ötən il olduğu kimi, gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına videobağlantı vasitəsilə müraciət edəcəyi gözlənilir.
ABŞ Dövlət Departamentinin açıqlamasında isə “islahat aparmamaları, ABŞ qarşısında götürdükləri öhdəliklərə zidd davranmaları və sülh perspektivlərinə xələl gətirən fəaliyyətlərini davam etdirmələri” əsas gətirilərək, Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyasının rəsmilərinə viza verilməməsini nəzərdə tutan sanksiyaların uzadılacağı bildirilib.
ABŞ administrasiyasının viza verməməsi səbəbindən Mahmud Abbas ötən il də BMT Baş Assambleyasında şəxsən iştirak edə bilməmiş və videobağlantı vasitəsilə çıxış etmişdi.

