Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşüb.
Görüş zamanı Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və ölkəmizə səfərini xatırladıb.
O, ikitərəfli dialoqun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək məqsədilə İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.
Dövlət başçısı da Antonio Koştanın Azərbaycana səfərini xatırladaraq bunun əlaqələrin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və təhlükəsizliyində oynadığı rolu vurğulayıb. O qeyd edib ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir.

Görüşdə qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi üçün uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığı da müzakirə ediblər. Bu çərçivədə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracına dair əldə olunmuş razılaşma vurğulanıb.

Bundan əlavə, Avropa İttifaqının Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracağı bildirilib.
Görüşdə Orta Dəhlizin əhəmiyyətinə toxunulub, nəqliyyat əlaqələrinin və regional bağlantıların inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

