Sumqayıtda sahibsiz küçə itləri insanlara dəhşət yaşadıb. 5-i uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb.
Den.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.
Sumqayıtda baş verən son hadisə şəhər sakinlərini şoka salıb. Şəhərin 53 saylı uşaq bağçasının qarşısında baş verən faciəvi hadisə zamanı sahibsiz küçə itləri hər kəsə hücum edib. Hadisə şahidlərinin sözlərinə görə, uşaqlar valideynlərinin müşayiəti ilə bağçaya getdikləri vaxtda bir neçə aqressiv it qəfildən onların üstünə hücum edib. Valideynlər və ətrafda olan insanlar vəziyyətə müdaxilə etməyə çalışsalar da, artıq gec olub. Uşaqlardan biri baş nahiyəsindən ağır xəsarət alıb və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 3 qadın cinsli, 3 kişi cinsli it dişləməsi diaqnozu ilə tibb müəssisələrinə hospitalizasiya olunub.Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb. Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır.
Sakinlər aidiyyəti qurumları tədbir görməyə çağırır. Sumqayıt Şəhər İcra Hakimiyyəti və müvafiq baytarlıq xidməti ilə bağlı məsələ cəmiyyətin diqqətindədir. Adı çəkilən qurumun sözçüsü Eyvaz Qocayev bildirib ki, Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib.
Faktla bağlı araşdırma aparılır.