Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Mikayılovlar ailəsi son 10 ayda həkim səhlənkarlığı səbəbindən böyük əzab-əziyyət çəkib.
“Den.az”-a danışan ailənin sözlərinə görə, yeni dünyaya gələn körpə hələ ilk gündən səhv diaqnozla üz-üzə qalıb və bu, onları həm maddi, həm də psixoloji cəhətdən çətin vəziyyətə salıb.
Mikayılovlar ailəsinin oğlu 2024-cü il təvəllüdlü Kərəm Mikayılov Elmi Tədqiqat və Ginekologiya İnstitutu publik hüquqi şəxs 6 saylı doğum evində dünyaya gəlib. Doğumdan dərhal sonra, həmin xəstəxananın həkimi Esmira Bağırova ailəyə şok xəbər verib: “Uşağınızda irsi qalaktorezimiya xəstəliyi var. Ona ana südü olmaz, xüsusi, bahalı süni yeməklərdən istifadə etməlisiniz.” Həkimin sözlərinə inanan valideynlər körpəni ana südündən məhrum edərək, həkimin tövsiyə etdiyi xüsusi süni qidalarla bəsləməyə başlayıblar. Nəticədə ailə hər ay böyük məbləğdə pul xərcləməli olub. Körpə isə təbii qidalanmadan məhrum qalıb və həssas inkişaf dövründə çox vacib olan ana südündən istifadə edə bilməyib. Bu məsləhətədən sonra düz 10 ay ailə sözün əsil mənasında zülm çəkib. Ta ki, uşağı başqa həkimə aparana qədər.
Vaxt keçdikcə ailəni şübhə bürüyüb. Mikayılovlar başqa həkimlərə, daha dəqiq analizlərə müraciət ediblər. Nəticələr isə gözlənilməz olub: körpənin heç bir xəstəliyi yoxdur! İrsi qalaktorezimiya xəstəliyi diaqnozu tamamilə yanlışdır və körpə ana südü ilə tam rahat şəkildə qidalana bilər.
Elmi Tədqiqat və Ginekologiya İnstitutundan isə “Den.az”-a bildirilib ki, Vətəndaş Mikayılova Çiçək Əliyusif qızının 23.07.2024-cü il tarixində dünyaya gətirdiyi övladın neonatal skrininqi aparılmış və nəticələrə əsasən qalaktozemiyaya şübhə aşkar olunaraq bu barədə TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) rəsmi məlumat verilib.Vətəndaşın müraciəti əsasında skrininq nəticələrinin yazılı forması təqdim oluna bilər.
Qeyd edirik ki, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən yalnız neonatal skrininq nəticələri bildirilir, körpənin sonrakı qidalanması və ya müalicəsi ilə bağlı hər hansı göstəriş və ya məsləhət verilməyib.Əgər vətəndaş tibbi xidmətin keyfiyyəti və ya tibb işçisinin fəaliyyəti ilə bağlı narazıdırsa, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir.
Bu gerçəklik ailəni həm sevindirib, həm də dərin bir haqsızlıq hissi ilə üz-üzə qoyub. “10 ay ərzində oğlumuzu səhv diaqnozla yaşadıblar, həm özümüzü, həm də körpəmizi psixoloji və maddi cəhətdən incidiblər,” – deyə ailə bildirir.