Bakıda ötən gecə saatlarında qorxulu anlar yaşanıb.
“Den.az”-ın qaynar xəttinə gələn müraciətdə bildirilir ki, İyunun 8-dən 9-na keçən gecə paytaxtın əsas magistrallarından biri olan Heydər Əliyev prospektində baş verən hadisə sürücülərə dəhşətli anlar yaşadıb. 90 km/saat sürətlə hərəkət edən avtomobillərin axınında, gənc bir xanım qəfildən yolun ortasına çıxaraq maşınların üzərinə doğru irəliləməyə başlayıb.
Hadisə sürücülərdən birinin avtomobilinə quraşdırılmış video kamera tərəfindən anbaan qeydə alınıb. Kadrlarda görünür ki, gecənin qaranlığında bir qadın qəfil yola daxil olur və sürətlə yaxınlaşan nəqliyyat vasitələrinə məhəl qoymadan irəliləyir.
Sürücülər vəziyyəti son anda fərq edərək avtomobilləri kəskin şəkildə saxlayıblar. Bir neçə saniyə içində bir neçə nəqliyyat vasitəsi toqquşmadan yayına bilsə də, yaşanan şok sürücülərin və sərnişinlərin hələ uzun müddət yaddaşından silinməyəcək.
Şahidlərin sözlərinə görə, gənc xanım sakit, ancaq məqsədli şəkildə avtomobillərin qarşısına çıxaraq intihara cəhd edib. Onun kimliyi hələlik məlum deyil. Hadisə barədə Polisə məlumat verildiyi bildirilir.
Nizami Rəsulov
Den.az