Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə Məhəmmədəli Sultanovun itkin düşməsi ailəsində və yaxınları arasında ciddi narahatlıq yaradıb.
Denmedia.az-a daxil olan məlumata görə, hadisə təxminən 10 gün əvvəl baş verib.
Belə ki, Məhəmmədəli yaşadığı BTZ bağlarındakı evdən ət almaq adı ilə çıxıb, lakin bir daha geri qayıtmayıb. O gündən bəri gəncdən heç bir xəbər yoxdur.
Məlumatda qeyd olunur ki, Məhəmmədəli Sultanov ailədə 3 bacının tək qardaşıdır. Onun atası iddia edir ki, oğlunu tez-tez məsləhət olunmayan gənclərlə ünsiyyətə görə danlayırmış. Bildirilir ki, gənc atasının bu iradlarını qəbul etmir və tez-tez ailə ilə fikir ayrılığı yaşayırmış.
Ailə üzvlərinin sözlərinə görə, hazırda onların narahatlığı daha da artıb. "Gəzmədiyimiz yer, axtarmadığımız ünvan qalmayıb. Hər tərəfə müraciət etmişik, amma hələ də heç bir məlumat yoxdur" – deyə ailə üzvləri bildiriblər.
Mövcud vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib və hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, itkin düşən Məhəmmədəli Sultanov Ceyranbatan qəsəbə peşə məktəbinin tələbəsidir.
Hadisə ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.
Əgər hər hansı şəxs Məhəmmədəli Sultanov barədə məlumat əldə edərsə, dərhal ailə üzvləri və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlaması xahiş olunur...
Ellada Rəsul
Denmedia.az