Sumqayıt şəhərində valideynlər ilə direktor arasında qalmaqal yaşanıb.
3 saylı Uşaq İncəsənət Məktəbində valideynlərin narazılığına səbəb olan yeni ödəniş tələbi gündəm yaradıb.
Bu barədə DenMedia.az-a vətəndaşlar müraciət ediblər.
Daxil olan müraciətlərə görə, məktəb rəhbərliyi hər bir şagirdin rəsmi dərs ödənişinin beş ay əvvəlcədən ödənilməsini tələb edir. Şikayətçilər bildirir ki, rəhbərlik bu qərarı Mədəniyyət Nazirliyinin göstərişi ilə əsaslandırır. Valideynlər isə bu tələbə etiraz edərək, birdəfəlik yüksək məbləğ ödəməyin həm ailə büdcəsi, həm də mövcud qaydalar baxımından çətinlik yaratdığını deyirlər.
Mövzu ilə bağlı Uşaq İncəsənət Məktəbindən fakt təsdiqlənib. Bildirilib ki, vətəndaşların şikayəti başadüşüləndir . Lakin biz onlara kömək edə bilmərik. Bu Nazirliyin təlimatıdır.
Mədəniyyət Nazirliyinin açıqlamasında isə qeyd olunub ki, yeni qərara görə təhsil haqqı sentyabr–yanvar ayları üzrə sentyabr ayının 10-dək, fevral–iyun ayları üzrə isə fevral ayının 1-dək ödənilməlidir.
Əvvəlki illərdə tətbiq olunan aylıq ödəniş təcrübəsi valideynlərin əksəriyyətinin təhsil haqqını vaxtında ödəməməsi ilə nəticələnmiş, bu isə ödənişlərin yığımında ciddi çətinliklər yaratmışdır. Nəticədə ödənişli əsaslarla cəlb edilən müəllimlərin əməkhaqlarının vaxtında ödənilməsi məsələsi də risk altına düşmüşdür.
Əlavə olaraq bildiririk ki, bütün digər ödənişli təhsil formalarında (ümumtəhsil məktəblərində əlavə kurslar, kolleclər, ali təhsil müəssisələri və s.) ödənişlər yarımillik üzrə əvvəlcədən həyata keçirilir. Bu praktika həm ödənişlərin yığımında şəffaflığın təmin olunmasına, həm də müəllimlərin əməkhaqlarının stabil və vaxtında ödənilməsinə şərait yaradır.-deyə Mədəniyyət Nazirliyindən bildirilib.
Ellada Rəsul
DenMedia.az