Gədəbəydə oğurluqda şübhəli bilinən müəllim həbs olunub.
DenMedia.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Leşkər kənd sakini A. Quliyevin evindən oğurluq edilib və o, hadisəni törətməkdə 44 yaşlı Abbas Muradov (ad və soyad şərtidir) şübhələndiyini deyib. Nəticədə polis əməkdaşları Abbas Muradovu şübhəli şəxs qismində şöbəyə aparıblar.
Sərxoş vəziyyətdə olan Muradov şöbənin həyətində siqaret çəkmək istəyib. Lakin şöbə ərazisində buna icazə verilmədiyi bildirilib. Nəticədə Muradov hiddətlənib və nalayiq ifadələr işlədib. Polis əməkdaşları ona irad bildirsələr də, məhəl qoymayıb və hərəkətlərinə davam edib.
Şahid qismində dindirilən polis əməkdaşının sözlərinə görə, şübhəli şəxs Abbas Muradovun mobil nömrəsi ilə əlaqə saxlamaq mümkün olmayıb:
“Həmin gün o, müəllim kimi işlədiyi məktəbə də getməyib. Buna görə də, onun yaşadığı ünvana yollanmalı olduq. Şəxs sərxoş idi. O, polis şöbəsinin həyətində siqaret çəkmək istədi, lakin buna icazə olmadığını izah etdik. O, isə etiraz edərək nalayiq ifadələr işlətdi, evindən oğurluq edildiyi üçün onu şikayət edən şəxsi də təhqir etdi”.
Bu əməlinə görə Abbas barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Gədəbəy rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən iclasda Abbas Muradov barəsində 5 gün müddətinə inzibati həbs cəzası verilib.