Sumqayıt şəhərində 27 yaşlı hamilə qadının xəstəxanada ölməsi ilə nəticələnən faciəvi hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə 2 nömrəli doğum evində qeydə alınıb.
Məlumata görə, iki azyaşlı uşaq anası olan Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib. Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən, tibbi qərar əsasında abort həyata keçirilib. Yaxınlarının iddialarına görə, məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb. Onların sözlərinə əsasən, həkimlər tərəfindən vurulan iynədən sonra qadın komaya düşüb. Hadisənin gedişində ailə üzvlərinə qadının real durumu barədə dolğun məlumat verilmədiyi, ölüm faktının bir müddət gizlədildiyi də iddia olunur.
Qadının yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibb personalı əvvəlcə onları vəziyyətin ciddiliyindən xəbərdar etməyib, yalnız daha sonra “başınız sağ olsun” deyərək ölüm xəbərini veriblər. Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür və xüsusilə “səhv iynə vurulması” ehtimalını irəli sürür.
Faciə nəticəsində iki azyaşlı uşaq anasız qalıb. Hadisə ailə üzvləri və yaxınları arasında dərin sarsıntı yaradıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 12.12.2025-ci il tarixində saat 14:00 radələrində 1998-ci il təvəllüdlü şəxs (qadın) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.
Xəstə tibb müəssisəsinə daxil olarkən ümumi vəziyyəti ağır qiymətləndirilib, susuzlaşma (dehidratasiya) əlamətləri və hemodinamik qeyri-sabitlik müşahidə olunub. Dərhal infuzion və antibakterial müalicəyə başlanılıb.
Anamnezə əsasən, xəstəyə 08.12.2025-ci il tarixində 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib.
Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar 12.12.2025-ci il tarixində saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub.
13.12.2025-ci il tarixində saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb.
Meyit müvafiq qaydada təşrih üçün aidiyyəti qurumlara təhvil verilib.
Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi, fakt üzrə araşdırma aparılacağı bildirilir. Qadının ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün tibbi ekspertiza təyin olunacağı gözlənilir.
Nizami Rəsulov
Denmedia.az

