Sumqayıtda 72 yaşlı qadının tibb müəssisəsində aldığı iynədən sonra dünyasını dəyişdiyi bildirilir.
DenMedia.az xəbər verir ki, hadisə ötən gün şəhərin 45-ci məhəlləsində yerləşən Sağlamlıq Mərkəzlərinin birində qeydə alınıb.
Məlumata əsasən, Sumqayıt şəhərində, 6-cı mikrorayonun 11 saylı binasında yaşayan Nigar Babaxanova tibb mərkəzində ona vurulan iynədən sonra vəziyyətinin pisləşdiyi və daha sonra vəfat etdiyi bildirilib. Mərhumun cənazəsi dəfn olunması üçün ailəsi tərəfindən Qusar rayonuna aparılıb.
Qonşuların sözlərinə görə , Nigar Babaxanova ötən gün qəfil halı pisləşib və xəstəxanaya aparılıb. Lakin çox keçməyib ki, önün ölüm xəbərini eşidiblər. Məlumat verilib ki, mərhuma səhvən iynə vurulub və o şoka düşüb.
Təbibdəb isə bildirilib ki, 25.11.2025-ci il tarixində saat 10:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (qadın) yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət etmişdir.
Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilmişdir.
İnyeksiya zamanı xəstənin halı pisləşmiş, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş vermişdir.
Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülmüş, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilmişdir.
Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:30 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınmışdır.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilmişdir.
Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunmuşdur.
İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilmiş, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olmuşdur.
Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilmişdir.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Faktın səbəblərinin müəyyən edilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.